Modern Uşaq Akademiyası haqqında

BMTK məktəbəqədər təhsilinin əsas məqsədi - təhsil, təlim, uşağın sağlamlığının və fiziki inkişafının mühafizəsi, sağlam həyat tərzinin formalaşması üçün şərait təmin etməkdir.

“Modern Uşaq Akademiyası” uşaq bağçası 2016-cı ilin sentyabrında fəaliyyətə başlayıb. Burada uşaqların hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb. Bağça 10 qrup, 10 yataq, 4 məşğələ, rəqs, rəsm, şahmat, robototexnika, informatika otaqları, hovuz, sinema, akt, idman və gimnastika zallarından ibarətdir.

Həyətyanı ərazidə uşaqlar üçün qumluqlar və yelləncəklərlə təchiz edilmiş oyun meydançaları var.

Təhsil müəssisəmizdə eyni zamanda 150 uşaq tədris ala bilər. Tədris peşəkar müəllim və tərbiyəçilər tərəfindən azərbaycan, rus və ingilis dillərində keçirilir.

Bağçada təlim-tərbiyə işləri uşaqların yaşına və anlaq səviyyəsinə uyğun olaraq müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin məzmununu özündə əks etdirir. Uşaqlarla aparılan təlim-tərbiyə metodları onların hərtərəfli inkişafına xidmət edir.

Uşaqların əxlaqi cəhətdən formalaşması nəzərdə tutulur, onların fəallığı, müstəqilliyi təmin edilir, vətənpərvərlik, humanizm və s. hisslərin tərbiyəsinə xüsusi yer verilir, uşaqların mədəni davranış qaydalarına yiyələnmələri həyata keçirilir.

Təlim prosesində uşaqlara müxtəlif sahələr üzrə yaş və anlaq səviyyələrinə uyğun müvafiq bilik verməklə əqli, əxlaqi, fiziki, estetik və praktik işlərə dair bacarıq, vərdişlər aşılanır, nitq və ünsiyyət qaydaları inkişaf etdirilir.

Təlim – tərbiyə prosesi məzmunca yeniləşdirilir, uşaqların fiziki, əqli və psixoloji inkişafı, məktəbə hazırlığı üçün təkan verilir, beynəlxalq təhsil məkanında müasir təcrübələr öyrənilir və tətbiq edilir.

Bağçanın maddi – texniki bazası qabaqcıl standartlara uyğun inkişaf etdirilir və möhkəmləndirilir. Müəssisə lazım olan bərk, yumşaq inventarla, idman avadanlıqları, məşğələlərin aparılması üçün lazım olan əyani və texniki vəsaitlər, ağıllı lövhələr, oyuncaqlar və mətbəx avadanlıqları ilə təchiz edilir.

Təhlükəsizliyi  təmin etmək məqsədilə əraziyə video müşahidə vasitəsilə nəzarət olunur. Bağça mühafizə tərəfindən qorunur.

İŞ VAXTI

Həftənin 5 günü – saat 8.00-dan – 18.00-dək

Şənbə, bazar, dövlət bayramları  – qeyri-iş günləri

QİDALANMA

  •  Səhər yeməyi
  •  Meyvə saatı
  •  Nahar
  •  Axşam yeməyi
  •  Qəlyanaltı

FƏALİYYƏTİMİZ

Azərbaycan Respublikasının təhsil sisteminin başlıca vəzifəsi dərin, hər tərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, müasir dünyagörüşünə malik olan, soykökünə, xalqının əxlaqi, milli-mənəvi dəyərlərinə dərindən yiyələnən, millətini sevən və daim ucalmağa çalışan şəxsiyyət formalaşdırmaqdır.

Bizim proqram məktəbəqədər yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin məzmununu, məqsədini və vəzifələrini özündə əks etdirir. Hər bir fəaliyyət növünün özünəməxsus məzmunu, yükü nəzərə alınmaqla onların ümumi tərbiyəedici, inkişafetdirici vəzifələrinin həlli də təmin edilir.

Rejimin tərtibində uşaqların yaş xüsusiyyətləri, anlaq səviyyəsi nəzərə alınır. Məktəbəqədər yaşlı uşaqlar üçün gündəlik rejimin təşkili və rejimin gözlənilməsi həm təhsil, həm də sağlam inkişafı üçün çox vacibdir.

Uşaqların yaşı nəzərə alınaraq bağçada aşağıdakı qruplar fəaliyyət göstərir:

  •        kiçik qrup (2-3 yaş)
  •       orta qrup (3-4 yaş)
  •       böyük qrup (4-5 yaş)
  •       məktəbəhazırlıq qrupu (5-6 yaş)

Məqsədimiz il ərzində uşaqların həyatını maraqlı qurmaq, diqqətimizi ilk növbədə onların intellektual və yaradıcı inkişafına, məntiqi təfəkkürünün formalaşmasına yönəltməkdir. Təlim-tərbiyə prosesində rollu-süjetli oyunlar, cütlər və qruplar, tapmacalar, suallar, klaster, diskussiya və kollektiv təlim üsulu kimi interaktiv metodlardan istifadə edirik. Gün ərzində tərbiyəçilər uşaqlar üçün müxtəlif hərəkətli və didaktik oyunlar planlaşdırırlar.

Bağçada ətraf aləmlə tanışlıq, nitq inkişafı, savad təlimi, məntiqi və riyazi təfəkkürün inkişafı, ingilis, rus, azərbaycan dilləri, sensor tərbiyə, informatika, musiqi, təsviri yaradıcılıq və fiziki mədəniyyət məşğələləri həyata keçirilir.

Bundan əlavə şahmat, rəqs, gimtastika, robototexnika və üzgüçülük dərnəkləri fəaliyyət göstərir.

Uşaqlarda Vətən sevgisi, doğma torpağa məhəbbət hissi yaratmaq və onu gücləndirmək məqsədilə bağçamızda tarixi və milli bayramlar keçirilir. Uşaqların ad günləri ayrıca qeyd olunur. Bu münasibətlə kukla teatrı, şən klounlar dəvət olunur. Bundan başqa il ərzində müxtəlif mövzularda ustad-məşğələlər və sərgilər təşkil olunur.

Təbiəti və ictimai həyatı müşahidə məqsədilə müxtəlif məkanlara gəzinti və ekskursiyalar təşkil olunur.

Məktəbəqədər hazırlığın əsas məqsədi:

  • uşaqların şəxsiyyət kimi inkişaf etdirilməsi
  • uşaqlarda öyrənmə fəaliyyətinin formalaşdırılması, onların idrak maraqlarının inkişafı
  • uşaqlarda təhliletmə, özünüqiymətləndirmə qabiliyyətinin inkişafı
  • böyüklərə və həmyaşıdlara qayğı, hörmət münasibətinin formalaşdırılması
  • müxtəlif sənət növlərinə sevginin tərbiyə edilməsi, bədii zövqün inkişafı
  • əmək bacarıqlarının təkmilləşdirilməsi, əməksevərlik hissinin inkişafı
  • real dünyada aktiv fəaliyyətə hazırlıq