Bakı Modern Təhsil Kompleksi Fibonacci Robot Olimpiadasına ikinci dəfə ev sahibliyi edib
Bakı Modern Təhsil Kompleksi Bakı İdman Sarayında Fibonacci Beynəlxalq Robot Olimpiadasına ikinci dəfə ev sahibliyi edib. Beynəlxalq tədbir elm, texnologiya və innovasiya sahələrinə böyük maraq yaradaraq nüfuzlu universitetlərin professorlarını, həmçinin Azərbaycan və digər ölkələrdən məktəb və universitet tələbələrini bir araya gətirib.
University College London, Toronto Universiteti, Bolonya Universiteti, Edinburq Universiteti, Lazarski Universiteti və Türkiyənin bir sıra aparıcı universitetlərinin professorları tədbirdə qonaq qismində iştirak ediblər. Onlar gənclərin layihələrini qiymətləndirib və texnologiya sahəsində yeni trendlərlə bağlı fikirlərini bölüşüblər.
Dövlət və özəl məktəblərin, eləcə də universitetlərin şagird və tələbələri müxtəlif robot kateqoriyaları üzrə yarışaraq mühəndislik və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar həmçinin ITECX College Congress layihə təqdimatları çərçivəsində innovativ ideyalarını təqdim ediblər.
Fibonacci Beynəlxalq Robot Olimpiadasının Bakıda keçirilməsi Azərbaycanın innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıq platforması rolunu bir daha nümayiş etdirib. Tədbir gənc tədqiqatçı və mühəndislərə yeni ideyalarını təqdim etmək və qlobal elmi ictimaiyyətlə əlaqələr qurmaq imkanı yaradıb.
