Fibonacci Beynəlxalq Robot Olimpiadası Bakıda başa çatıb
Bakı Modern Təhsil Kompleksinin ikinci dəfə ev sahibliyi etdiyi Fibonacci Beynəlxalq Robot Olimpiadası uğurla başa çatıb. Bakı İdman Sarayında keçirilən beynəlxalq tədbir elm, texnologiya və innovasiya sahəsinə böyük maraq doğurub. Olimpiadada dünyanın nüfuzlu universitetlərinin professorları, həmçinin Azərbaycan və xarici ölkələrdən məktəb və universitet tələbələri iştirak ediblər.
UCL, University of Toronto, University of Bologna, Edinburgh University, Lazarski University və Türkiyənin bir sıra aparıcı universitetlərinin professorları qonaq qismində tədbirə qatılıblar. Onlar gənclərin layihələrini qiymətləndirib və texnologiya sahəsində yeni trendlərlə bağlı fikirlərini bölüşüblər.
Özəl və dövlət məktəblərinin şagirdləri, eləcə də universitet tələbələri müxtəlif robot kateqoriyaları üzrə yarışaraq mühəndislik və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar həmçinin ITECX College Congress layihə təqdimatlarında innovativ ideyalarını təqdim ediblər. Tədbir gənc tədqiqatçı və mühəndislərə yeni ideyalarını nümayiş etdirmək və qlobal elmi ictimaiyyətlə əlaqələr qurmaq imkanı yaradıb.
