Emosional zəka və özünəinam layihəsi yekun tədbirlə başa çatıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Sevgi ilə yüksəl, Özgüvənlə parla” layihəsinin bağlanış tədbiri yüksək əhval-ruhiyyə şəraitində keçirilib.
Altı ay ərzində layihə çərçivəsində şagirdlərin emosional zəkasının, özünüdərketmə, empatiya, ünsiyyət bacarıqları və özünəinamının inkişafı məqsədilə “Emosional zəka və terapevtik nağıllar” mövzusunda silsilə təlimlər keçirilib. İnteraktiv məşğələlər və praktik fəaliyyətlər iştirakçıların fərdi və sosial inkişafına mühüm töhfə verib.
Bağlanış tədbirində Elm və Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Layihə müddətində əldə olunan nailiyyətlər təqdim olunub, onun həyata keçirilməsinə töhfə verən tərəfdaşlara, psixoloqlara, müəllimlərə və BMTK rəhbərliyinə təşəkkür bildirilib.
Layihə çərçivəsində qazanılan bilik və bacarıqların uşaqların gələcəkdə daha sağlam, xoşbəxt və özünəinamlı fərdlər kimi formalaşmasına töhfə verəcəyinə inanılır.
