Emosional zəka layihəsi yekun tədbirlə başa çatıb

View on Instagram

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Sevgi ilə yüksəl, Özgüvənlə parla” layihəsinin bağlanış tədbiri yüksək əhval-ruhiyyə şəraitində keçirilib.

Layihə çərçivəsində şagirdlərin emosional zəkasının, özünüdərketmə, empatiya, ünsiyyət bacarıqları və özünəinamının inkişafı məqsədilə altı ay ərzində “Emosional zəka və terapevtik nağıllar” mövzusunda silsilə təlimlər keçirilib. İnteraktiv məşğələlər və praktik fəaliyyətlər iştirakçıların fərdi və sosial inkişafına töhfə verib.

Bağlanış tədbirində Elm və Təhsil Nazirliyinin, BDU-nun, ADU-nun və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, layihə müddətində əldə olunan nailiyyətlər təqdim olunub. Layihənin həyata keçirilməsində əməyi keçən tərəfdaşlara, psixoloqlara, müəllimlərə və BMTK rəhbərliyinə təşəkkür bildirilib. Layihə çərçivəsində qazanılan bilik və bacarıqların uşaqların daha sağlam, xoşbəxt və özünəinamlı fərdlər kimi formalaşmasına töhfə verəcəyi vurğulanıb.