Bakı Modern Fibonacci Beynəlxalq Robot Olimpiadasına ikinci dəfə ev sahibliyi edib
Bakı Modern Təhsil Kompleksi Bakı İdman Sarayında Fibonacci Beynəlxalq Robot Olimpiadasına ikinci dəfə ev sahibliyi edib. Elm, texnologiya və innovasiya sahələrinə böyük maraq doğuran tədbirdə nüfuzlu universitetlərin professorları, həmçinin Azərbaycan və digər ölkələrdən məktəb və universitet tələbələri iştirak ediblər.
University College London, Toronto Universiteti, Bolonya Universiteti, Edinburq Universiteti, Lazarski Universiteti və Türkiyənin aparıcı universitetlərinin professorları qonaq qismində tədbirə qatılıblar. Onlar gənclərin layihələrini qiymətləndirib və texnologiyada yeni trendlər barədə fikirlərini bölüşüblər.
Dövlət və özəl məktəblərin, eləcə də universitetlərin şagird və tələbələri müxtəlif robot kateqoriyaları üzrə yarışaraq mühəndislik və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar həmçinin ITECX College Congress layihə təqdimatları çərçivəsində innovativ ideyalarını təqdim ediblər.
Fibonacci Beynəlxalq Robot Olimpiadasının Bakıda keçirilməsi Azərbaycanın innovasiya və texnologiya sahəsində beynəlxalq əməkdaşlıq platforması kimi rolunu bir daha nümayiş etdirib. Tədbir gənc tədqiqatçı və mühəndislərə ideyalarını təqdim etmək və qlobal elmi ictimaiyyətlə əlaqələr qurmaq imkanı yaradıb.
