82 nömrəli məktəbdə emosional zəka mövzusunda ustad dərsi keçirilib

View on Instagram

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi olan “Sevgi ilə yüksəl, özgüvənlə parla!” layihəsi çərçivəsində Nərimanov rayonu 82 nömrəli tam orta məktəbdə “Emosional Zəka və Terapevtik Nağıllar” mövzusunda ustad dərsi keçirilib.

Bakı Modern Təhsil Kompleksinin psixoloqları tərəfindən keçirilən ustad dərsində birinci sinif şagirdləri ilə nümunəvi sessiya təşkil olunub. Uşaqlar öz hisslərini tanımaq, emosiyalarını ifadə etmək, empatiya qurmaq və sağlam sosial münasibətlər formalaşdırmaq istiqamətində interaktiv fəaliyyətlərdə iştirak ediblər.

Tədbirdə Nərimanov və Nəsimi rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqlar iştirak ediblər. Layihə çərçivəsində tətbiq olunan müasir metod və yanaşmalar təqdim olunub, peşəkar təcrübə mübadiləsi aparılıb və məktəb psixoloqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müzakirələr keçirilib.